Rusiya vətəndaşı olan 88 şəxsin Azərbaycana gəlməsinə qadağa qoyulub. Strategiya.az Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiklərinə görə "persona non-qrata" elan edilmiş şəxslərin ölkələr üzrə siyahısının monitorinqini aparıb.
Aparılmış monitorinqin nəticələrinə əsasən, siyahıda Rusiya 88 nəfərlə ilk yeri tutur. Digər üç yerdə isə -İtaliya 23, Fransa 22, Almaniya 21 nəfərlə qərarlaşır: “ABŞ 19, Avstraliya 12, Ukrayna 8, Gürcüstanın 10 vətəndaşının Azərbaycana girişi qadağan edilib. Həmçinin, hər bir ölkə üzrə Ukrayna və Avstriya 8, İsveçrə 7, Argentina və Polşa 6, Kanada, Bolqarıstan, Belçika, Litva, Uruqvay 5, İran, Niderland, Kipr, Rumuniya 3, Slovakiya, Çexiya, Birtaniya, Danimarka, Serbiya, İrlandiya, Moldova, Latviya, Serbiya 2, Livan, İordaniya, İsrail, Yaponiya, Estoniya, Sinqapur, İsveç 1 nəfərin Azərbaycana səfərləri qadağan olunub”.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi ötən il Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiklərinə görə “persona non qrata” elan edilmiş şəxslərin siyahısını açıqlayıb. Siyahıda ötən il 335 nəfər var idisə, hazırda bu rəqəm 323 nəfər təşkil edir. Rəqəmdən də görmək olur ki, XİN 12 nəfər xarici ölkə vətəndaşının Azərbaycana səfərlərinə tətbiq etdiyi qadağanı ləğv edib. Maraqlıdır ki, siyahıda Dağlıq Qarabağa icazəsiz səfər edənlərin əksəriyyəti xarici ölkələrin parlament üzvləri və media təmsilçiləridir. Digər yerdə isə ölkələrin müxtəlif sahələr üzrə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının, elmi təşkilatların nümayəndələri və digər təbəqələrdən olan insanlar, o cümlədən rəssam, tələbə, turist kimi də Dağlıq Qarabağa icazəsiz səfər edənlər var.
Xatırladaq ki, siyahıda göstərilən şəxslər "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" qanunu pozduqlarına və Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə hörmət etmədiklərinə görə arzuolunmaz şəxslər elan olunublar və onlara Azərbaycana gəlmələrinə icazə verilməyib.
Mənbəə:strategiya.az

No comments: